“Çanaq və sirkə kasası sınıqları” mövzusunda beynəlxalq kurs-seminar

Noyabrın 11-də Bakıda “Çanaq və sirkə kasası sınıqları” mövzusunda beynəlxalq kurslar təşkil edilib
Travmatologiyanın ən ağır sahəsinə həsr olunan tədbir travmatologiya - ortopediya sahəsində elmi və praktik fəaliyyətin inkişafına dəstək olan və bütün dünyada tanınan AO Trauma assosiasiyasının və bu qurumun Azərbaycan üzrə əlaqələndiricisi, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatologiya bölməsinin rəhbəri, tədbirin sədri, tibb elmləri doktoru Aydın Qəhrəmanov tərəfindən təşkil edilib.
Seminarda A.Qəhrəmanov bu ilki kursun 2 önəmli tarixə - müasir Azərbaycan Respublikasının qurucusu ulu öndər Heydər Əliyevin 100 illiyi və şanlı Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tarixi torpağımız olan Qarabağı işğalçılardan azad etməsinin 3-cü ildönümünə həsr edildiyini qeyd edib. Bildirib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan travmatoloqları vəzifə borclarını layiqincə yerinə yetiriblər.
Kursun açılışında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərov çıxış edib. Bu kursun Azərbaycan Travmatologiya və Ortopediyası üçün önəm daşıdığını və travmatoloq-ortopedlərin həm praktik həm də nəzəri biliklərinin artmasına kömək edəcəyini bildirib. O, AO travma kursunun keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirib və uğurlar arzu edib.
Kursda Türkiyədən bu sahədə tanınan mütəxəssislərlə yanaşı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun əməkdaşları A.Qəhrəmanov və Q.Canbaxışovun məruzələri dinlənilib. Onlar ağır travmaların müalicəsi istiqamətində öz təcrübələrini bölüşüblər.
Seminar zamanı mühazirələrdə iştirakçılara dünyada bu sahə üzrə baş verən yeniliklər və onların tətbiqi yolları haqqında ətraflı məlumat çatdırılıb, praktik tövsiyələr verilib. Müasir müalicə konsepsiyaların icmalı təqdim edilib, həmçinin interaktiv müzakir aparılıb.
Qeyd olunub ki, çanaq və sirkə kasası sınıqlarının müalicəsi travmatologiyanın ən çətin və aktual məsələlərindəndir. Respublikamızda bu növ sınıqların diaqnostika və müalicəsində travmatoloq-ortopedlərin bilik və praktiki təcrübələrinin artırılmasına böyük ehtiyac var.
Beynəlxalq kursda ölkənin müxtəlif regionlarından (Bakı, Naxçıvan, Sumqayıt, Qusar, Gəncə, Şirvan, Göyçay, Qazax) 45 travmatoloq və ortoped iştirak edib. Kursun sonunda həkimlərə beynəlxalq sertifikatlar təqdim olunub. Qeyd etmək lazımdır ki, bu AO Trauma assosiasiyasının Azərbaycanda təşkil etdiyi sayca 6-cı beynəlxalq kursdur.